Rusiya sülhmərmalı qüvvələri may ayının 9-da Xocalı hava limanının ərazisində hərbi parad keçirməyə hazırlaşır. Parad İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin faşizm üzərindəki qələbəsinin 76-cı ildönümünə həsr olunub. Hətta paradda Ermənistan ordusunun Dağlıq Qarabağda qalmış hissələrinin və qondarma rejimin tabeliyində olan qanunsuz silahlı dəstələrin də iştirak edəcəyinə dair məlumatlar yayılıb. Bununla bağlı videogörüntülərdə Rusiya hərbi kontingentinin parada hazırlıq təlimi keçdiyini görmək olar.
Rusiya sülhməramlılarının bölgədəki məlum fəaliyyətləri onsuz da Azərbaycan ictimaiyyətində müəyyən narazılıq yaradırdı. Budəfəki plan isə narazılıqları daha da artırıb.
Milli Məclisin deputatı Elman Nəsirov “Həftə içi”nə bildirib ki, Rusiya sülhməramlıları Qarabağda öz missiyasını doğru-düzgün icra edə bilmir. Onun sözlərinə görə, sülhməramlıların əsas missiyası Qarabağda sülhün təminatına xidmət göstərmək, erməni icması ilə yanaşı Azərbaycan əhalisinin də Qarabağa yerləşdirilməsini təmin edib xalqlar arasında konfliktin qarşısını almaqdırsa, onlar tam başqa missiyanı yerinə yetirirlər. Sülhməramlılar daha çox humanitar məsələlərlə məşğuldur ki, bu da 10 noyabr sənədində qeydə alınmayıb:
“Sülhməramlıların missiyaları ilə ziddiyyət təşkil edən bir çox məsələlər üzə çıxır. Erməni və rus media seqmentlərində yayılan məlumatlardan bəlli olur ki, erməni hərbçiləri istədikləri vaxt mülki geyimlərdə Qarabağ ərazisinə keçib, qayıdırlar. Onlar mülki şəxslər sayıla bilməz, artıq onlar terrorçudur, cinayətkardırlar. Ancaq sülhməramlılar belə hallarda da özlərini görməzliyə vururlar. İndi də faşizm üzərində qələbənin növbəti ildönümünü Qarabağ ərazisində qeyd etmək istəyirlər. Belə məsələlər Azərbaycan ictimaiyyətində haqlı narazılıq və çoxlu suallar yaradır”.
E.Nəsirov qeyd edib ki, bu gün faşizm üzərində qələbəni qeyd edən sülhməramlılar və onların rəhbərliyi ilk növbədə Ermənistanda faşizmin təbliği və onun genişləndirilməsinə münasibət bildirməlidir:

“Rusiya sülhməramlıları Qarabağda faşizm üzərində Qələbənin ildönümünü qeyd etməkdənsə, gedib Ermənistanda faşizmi yaşadan Ermənistan siyasətinə qarşı etirazını bildirməlidir. Bu cür suallar açıq qalb və haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edir. Sülhməramlılar 10 Noyabr bəyannaməsindən irəli gələn məsələ ilə bağlı addımlar atmalıdır”.
E.Nəsirov vurğulayıb ki, ölkə Prezidenti bu istiqamətdə dəfələrlə özünün narazılığını bildirib. Deputat Prezidentin Hacıqabul şəhərinə səfəri çərçivəsində etdiyi çıxışa diqqət çəkərək, orada indiyə qədər geniş ictimaiyyət üçün bəlli olmayan məlumatların səsləndirilməsini təsadüfi saymayıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi bütün bu məsələləri Rusiyanın ali siyasi, hərbi rəhbərliyinə çatdırır və bütün məsələlərlə bağlı qanunamüvafiq addımlar atılmasını gündəmə gətirməklə, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoyur:
“Xüsusilə “İsgəndər M” raketi ilə bağlı Rusiyanın ali siyasi rəhbərliyi və bir sıra qurumlarla danışıqlar aparılır. Prezident bu məsələ ilə bağlı hələ də cavab alınmadığını bildirdi, Ermənistan tərəfə çox ciddi mesajlar göndərdi. Eləcə də dünən Prezidentin Zəngəzur dəhlizi ilə bağlı çox qətiyyətli mövqeyini eşitdik. İndi Ermənistanda Azərbaycanın güc yolu ilə Zəngəzuru geri qaytaracağı barədə narahatlıq başlayıb. Azərbaycan Prezidenti söylədi ki, biz hər bir məsələnin dinc, danışıqlar, əməkdaşlıq yolu ilə həllini istəyirik. Buna məhəl qoyulmayacağı təqdirdə, Dəmir Yumruq yerindədir və düşməni, qarşı tərəfi buna məcbur etməyə hazırdır. Müharibədən əvvəl də biz erməni işğalçılarının torpaqlarımızdan çıxmasını istəmişdik. Bu çağırışlara əməl etmədilər, nəticəsini gördülər. Ermənistan bundan nəticə çıxartmalıdır”.
Deputat ölkəmizə qarşı aparılan təxribatlara qarşı Azərbaycan Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin ciddi məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox detallar açılanmır.
Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Azərbaycan ictimaiyyəti sülhməramlıların öz missiyasından kənar olan addımlarına etiraz edir. Onun sözlərinə görə, sülhməramlıların özbaşına Azərbaycan ərazisində parad keçirmək istəyi üçtərəfli sazişin müddəalarına ziddir:
“Rusiya qoşunları paradı öz ərazilərində keçirə bilərlər. Xoşlarına gəlirsə bunu Ermənistanda edə bilərlər. Azərbaycan ərazisində isə Azərbaycan silahlı qüvvələri zəruri olan məqamlarla bağlı paradlarını keçirə bilər. Bu mənada sülhməramlılar başqasının ölkəsində öz missiyalarından kənara çıxmamalıdırlar. Ona görə də düşünürəm ki, bu mənfi xarakter daşıyan, ziddiyyət təşkil edən, bölgədə sülhün yaranmasına maneə törədən məqamlardandır. Azərbaycan tərəfi buna etirazını bildirməlidir”.

Deputat özbaşına hərəkət edən sülhməramlılarının fəaliyyət müddəti başa çatmadan imtina edilməsi ilə bağlı ortaya çıxan məqamlarla bağlı qətiyyətli davranmağı tövsiyə edib:
“Proses diqqətlə izlənilməli və sülhməramlıların mandatdan xaric bütün fəaliyyətinə qiymət verilməlidir. Hansısa kəskin qərarlar deyil, məhz çərçivəni saxlayaraq, bu missiyanı sülhə xidmət etməyə məcbur etməliyik. Qarabağda keçirilən bu cür şoular yolverilməzdir və buna qarşı çıxış etməliyik”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, rus sülhməramlılarının Xankəndidə separatçıların silahlı birləşmələri ilə birgə keçirmək istədiyi 9 may paradı Azərbaycana qarşı Kreml rəhbərliyinin təzyiq mexanizmidir. Onun sözlərinə görə, Rusiya bununla ölkəmizi öz layihələrinə cəlb etmək və hərbi bazasının yaratmaq istiqamətində addımlar atır:
“Silahlı erməni birləşmələri 10 Noyabr birgə Bəyannaməsinə uyğun olaraq Qarabağdan çıxarılmalı idi. Rusiya tərəfi silahlı erməni birləşmələrinin çıxarılması prosesinə mane olur. Həmçinin Rusiya daha da irəli gedərək qanunsuz silahlı erməni birləşmələri ilə birgə parada hazırlaşır. Bu, ölkəmizin suverenliyinə Rusiya tərəfindən təhdiddir. Rəsmi Bakı bununla bağlı Rusiyadan izahat tələb etməli və sülhməramlı qüvvələrin fəaliyyətinə son verilməsini tələb etməliyik. Milli Cəbhə Partiyası olaraq Rusiya sülhməramlı qüvvələrinin paradının Xankəndidə separtçılarla kecirilməsini ölkəmizə qarşı təhdid hesab edirik”.